
Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır. Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır. Bildirildi ki, hoteldə işlərin icrası 60 faiz yerinə yetirilib. “Hilton Garden İnn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.



Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak ediblər. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi. Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.


Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib. Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlığına nəzarət təmin olunacaq. Eyni zamanda, burada mühəndis–texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb.


Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı. Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpa olunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcək. Kompleksdəki tədris zalı 35/0,4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0,4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələrinin perspektiv inkişafı və üstünlüklərini əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub.

Həmçinin Kompleksdə xüsusi dayaqlarda şəbəkədə istifadə olunan element və ləvazimatlar nümayiş etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (Günəş və külək enerji qurğuları) tətbiqinə dair model yaradılıb. Bu modelin həm işçi heyətin, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda, elektroenergetika sahəsində qazanılmış tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları), təhlükəsizlik texnikası və idarəetmə plakatları nümayiş olunur.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçninin fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar. Ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var.


İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib. Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır. Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir. Dövlət başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.


Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.


Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 nömrəli körpələr evi-uşaq bağçasında və 1 nömrəli tam orta məktəbdə aparılan tikinti, Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan işlərlə tanış olublar.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə də tanış olublar.


Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.


Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

